ELM VƏ TƏHSİL
Baş narkoloq Araz Manuçəri Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Universitetində sosial iş ixtisası üzrə bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üçün narkotiklə mübarizə çərçivəsində maarifləndirmə seminarı təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Respublika Narkoloji Mərkəzinin direktoru, baş narkoloq Araz Manuçərinin apardığı seminarda narkomaniya ilə bağlı problemlərin ictimaiyyətin diqqətində saxlanmasının və maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən elmi işlər üzrə prorektor, professor Yusif Qasımov narkomaniyanın müasir dünyanı ciddi narahat edən bəşəri problem olduğunu qeyd edib, narkotik vasitələrdən istifadənin fəsadları haqqında danışıb. Y.Qasımov bu cür vasitələrin insanların həm fiziki sağlamlığına, həm də mənəviyyatına ciddi zərbələr vurduğunu bildirib və tələbələri bu bəladan uzaq durmağa, ətrafındakıları da uzaq tutmağa səsləyib. Prorektor deyib: “Biz o insanlara düşmən kimi baxmamalı, onları xəstə olaraq qəbul etməliyik”.
Baş narkoloq Araz Manuçəri tələbələrə narkomaniyanın cavanlaşmasının səbəbləri, yeniyetmələrin narkotik vasitələrdən istifadə etməsinə səbəb olan risk amilləri və onların aradan qaldırılması yolları, narkomaniyanın zahiri və davranış əlamətləri, insan orqanizmində yaratdığı fəsadlar, faciəvi nəticələri, səbəb olduğu xəstəliklər və narkotik asılılığı olan insanların müalicə prosesi haqqında danışıb.
A.Manuçəri tələbələrə ölkəmizdə narkomaniya xəstəliyinə tutulanlar barədə statistik məlumatları da açıqlayıb, Respublika Narkoloji Mərkəzinin fəaliyyətindən danışıb. Qeyd edib ki, mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir.
İştirakçıların mövzuya dair suallarını cavablandıran qonaq son dövrdə xüsusilə gənclərin çox istifadə etdiyi energetik içkilərin zərərindən də danışıb. Bildirib ki, bu içkilərin tərkibində olan sintetik kofein, sintetik taurin və bu kimi maddələr asılılıq və narkotikə meyillilik yaradır.
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb. Tədbir universitetin sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə baş tutub.