SİYASƏT


Baş nazir Əli Əsədov Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb

Görüşdə Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 19-da Slovakiya Respublikasının Xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulanıb. Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib.

Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Baş nazir Ə.Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğulayıb, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Qeyd edilib ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.

Xarici və Avropa işləri naziri İvan Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.

Sonda Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiya Respublikasının Xarici və Avropa işləri naziri İvan Korçok imzaladılar.

Sazişə əsasən, ikitərəfli iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.