Baş nazir: Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək
AzerTAg.az

Belqrad, 5 dekabr, AZƏRTAC
Serbiya Avropa İttifaqının (Aİ) çağırışlarına baxmayaraq, prinsipial mövqeyindən əl çəkməyəcək və Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.
A.Brnabiç bildirib ki, Aİ Serbiyanın xarici siyasətdə ittifaqa uyğunlaşmasını istəyir: “Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Üzvlük danışıqlarının davam etdirilməsi üçün şərt qoyulsa belə, sanksiyaları tətbiq etməyəcəyik”.
Bəzi ölkələrin Serbiya vasitəsilə sanksiyaları pozmaq cəhdləri ilə bağlı iddiaları şərh edən Baş nazir deyib: “Serbiya başqalarının sanksiyaları pozmaq üçün istifadə edəcəyi ölkə olmayacaq. Biz sanksiyalarla bağlı qərar verməyəcəyik. Digər ölkələrin sanksiyaları Serbiya vasitəsilə pozmaq cəhdlərinin qarşısını isə öz qanunlarımızla alacağıq”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Xəbərin mətnində orfoqrafik səhv var