DÜNYA
Baş nazir Şinzo Abe və Prezident Emmanuel Makron “Nissan-Renault” alyansı ilə bağlı vəziyyəti müzakirə ediblər
Tokio, 1 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Fransa Prezidenti Emmanuel Makron Argentinada keçirilən “G-20” Sammiti çərçivəsində görüşərək, keçmiş sədr Karlos Qonun yapon prokurorluğu tərəfindən həbsindən sonra “Renault-Nissan” avtomobil alyansı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, görüşdə Yaponiya və Fransa liderləri “Nissan Motor”, “Mitsubishi Motors” və “Renault” arasında alyansın qorunmasının vacibliyini bildiriblər.
Ş.Abe deyib ki, üçtərəfli avtomobil alyansı Yaponiya və Fransa arasında sənaye sahəsində əməkdaşlığın rəmzidir.
Məlumatda, həmçinin qeyd edilir ki, K.Qonun həbsi Fransa-Yaponiya avtomobil alyansının idarəçiliyində müəyyən boşluq yaradıb və üzv tərəflər arasında nüfuz uğrunda mübarizənin kəskinləşməsinə səbəb olub. Bu ərəfədə “Renault”, “Nissan Motor” və “Mitsubishi Motors” bu çərçivədə əməkdaşlığa sadiq qaldıqlarını bəyan ediblər.
Buna baxmayaraq, “Nissan Motor” “Renault” şirkətinin yapon şirkətinin səhmlərinin 43,4 faizinə sahib olmasından narazıdır. Belə ki, yapon şirkəti fransız tərəfdaşının qiymətli kağızlarının yalnız 15 faizinə sahibdir və bu şirkətin siyasətinin müəyyənləşməsi zamanı heç bir səs hüququna malik deyil. Eyni zamanda, “Nissan Motor”un hazırkı menecmenti yapon şirkətinə “Renault”un nümayəndəsinin rəhbərlik etməsi barədə razılaşmaya da yenidən baxılmasını istəyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio