SİYASƏT


Baş naziri virtual nağıl qəhrəmanlarına oxşayan feyk xəbərlər diyarı

Bakı, 14 oktyabr, AZƏRTAC

Hələ XIX əsrin əvvəlində alman filosofu Hegel yazırdı: “Tarix iki dəfə təkrarlanır - əvvəlcə faciə şəklində, sonra məzhəkə formasında”. Bu sözlər hələ də öz aktuallığını itirməyib.

XVII əsrin sonu – XVIII əsrin əvvəllərində bəzi imperiya paytaxtlarının dəftərxanalarında hay (erməni) xalqı üçün bu xalqın tarixi uyduruldu. İmperiyaların məqsədi, ilk növbədə, Osmanlı imperiyasını dağıtmaqdan ibarət idi. Bu prosesdə ermənilər xüsusi rol oynamalı, indi çox dəbdə olan təbirlə desək, Türk dövlətinin daxilində “beşinci kolon”a çevrilməli idi.

İmperialistlər erməni millətçilərini, xüsusən erməni kilsəsinin xadimlərini saxta tarixə “əsaslanan” fəaliyyət planı ilə təchiz edərək, parçalanması nəzərdə tutulan Osmanlı imperiyasının ərazisində Ermənistanın gələcək xəritəsini hazırladılar.

Ermənilərin tarixinə nəzər salsaq IV-XVII əsrləri əhatə edən böyük bir dövrdə boşluq görünür. Həmin dövrdə hər hansı məşhur şəxsiyyətlərin adları belə çəkilmir, ermənilərlə bağlı hər hansı dövlət qurumuna istinad edilmir.

Ermənilər Osmanlı imperiyasının bünövrəsini laxlatmaq üçün fəaliyyətə başladılar. XIX əsrin əvvəlində baş vermiş hadisələr bu fəaliyyətin kulminasiya nöqtəsi oldu. O vaxt ermənilər indiki Türkiyə ərazisində öz dövlətlərini qurmağa ümid edirdilər. Lakin ermənilər üçün plan tərtib edənlər onlara xəbərdarlıq etməmişdilər ki, necə deyərlər, suda boğulanların xilas edilməsi onların öz işidir. Türklər Cümhuriyyət yaratmağa başlayanda, əlbəttə, ermənilər öz əməllərinə görə cavab verməli idilər. Bütün bunların nə ilə başa çatdığını bilirik. Öz “xidmətləri” müqabilində ağalarından heç nə ala bilməyən ermənilər başqa torpaqlara köçdülər və orada bəxtlərini sınamağa başladılar. Onlar əsasən, Azərbaycan, Gürcüstan torpaqlarına və Rusiyanın Qara dəniz sahillərinə köçdülər.

Böyük dövlətlər arasında kompromis əsasında Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradan ermənilər bir müddətdən sonra “dənizdən-dənizə Ermənistan” yaratmaq barədə sərsəm ideyalar irəli sürməyə başladılar.

SSRİ dönəmində yaşadıqları dövlətin gücünü bilən ermənilər özlərinin bu planları barədə açıq danışmırdılar, Sovet İttifaqı dağılandan sonra isə onlar bu niyyətlərini sürətlə yaymağa başladılar.

1990-cı illərin əvvəlində bəzi dövlətlərin köməyi ilə Qarabağ ərazisindəki Azərbaycan torpaqlarını işğal etmiş ermənilər belə düşünməyə başladılar ki, “dənizdən-dənizə Ermənistan” yaratmaq ideyası gerçəkləşməyə yaxındır.

30 il ərzində danışıqlar aparıldı, lakin ədalətli nəticə alınmadı. Bu illər ərzində Azərbaycan ermənilərə çox təkliflər etdi: ölkəmizin tərkibində geniş muxtariyyət də, başlıca rolu Azərbaycanın oynadığı qlobal iqtisadi layihələrin əksəriyyətində Ermənistanın özünün də iştirak etməsini. Lakin bu 30 il ərzində heç bir irəliləyiş olmadı.

Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında tez-tez və birmənalı şəkildə qeyd etdiyi kimi, “Azərbaycan öz torpağında ikinci erməni dövləti yaradılmasına imkan verməyəcək”. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların mövzusu olmayıb və olmayacaq. Dövlətimizin başçısı bunu da qəti şəkildə bəyan edib.

Biz bu 30 il ərzində, necə deyərlər, canımızı dişimizə sıxaraq ermənilərin bütün provokasiyalarına dözdük – işğal edilmiş ərazilərdə əcdadlarımızın məzarları üstündə rəqs edilməsinə də, qondarma “DQR” prezidentlərinin müxtəlif inauqurasiya mərasimlərinə də, Qarabağda müxtəlif “beynəlxalq” idman tədbirləri, konqreslər keçirilməsinə də. “Turistlər” müxtəlif cəlbedici şüarlarla işğal edilmiş ərazilərə çağırılır, sonra onların “selfi”ləri bütün sosial şəbəkələrdə yayılırdı. Biz bütün bunları görür və yenə canımızı dişimizə sıxaraq, Ali Baş Komandan İlham Əliyevin əsas əmrini gözləyirdik: “İrəli, rəşadətli Azərbaycan döyüşçüləri!”

Oktyabrın 4-də ordumuzun növbəti qələbəsindən sonra Prezident İlham Əliyevin xalqa müraciətinə bütün Azərbaycan böyük həyəcanla baxırdı. Ali Baş Komandanın çıxışından aşkar görünürdü ki, o da ali dövləti vəzifəsində öz əsas əmrini vermək üçün bu 30 il ərzində yumruğunu sıxaraq bu məqamı gözləyib. Bütün bu illər ərzində düşmənlərimizin bizim torpaqlarda törətdiyi vəhşi əməllərini görməyin və bu barədə eşitməyin dövlət başçısı üçün nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.

MDB ölkələrindən olan tanışlarımızın çoxu etiraf edirlər ki, Azərbaycanın dövlət başçısının Rusiya telekanallarının birbaşa efirində müsahibələrinə baxanda onlar İlham Əliyevin sərrast, peşəkar cavablarına, onun rus dilini mükəmməl bilməsinə, diplomatik təcrübəsinə heyran olurlar.

Son 150 ildə bizim düşmənimizin əsas vəzifələrindən biri minilliklər boyu Azərbaycan ərazisində dostluq və həmrəylik şəraitində yaşayan xalqlar arasında nifaq yaratmaq idi.

Feyk xəbərlər diyarı olan Ermənistanın və qondarma “DQR”in bütün təbliğatçıları və siyasətçiləri bu gün də sosial şəbəkələr vasitəsilə Azərbaycanın müxtəlif millətlərə mənsub vətəndaşlarına müraciət edir, onları nə az, nə çox – öz Vətəninə qarşı çıxış etməyə, xəyanətə çağırırlar. Özü də bütün bunları Ermənistandan və Qarabağdan təkcə azərbaycanlıları deyil, həm də orada yaşamış çox xalqların nümayəndələrini qovanlar deyirlər.

Biz azərbaycanlılar yaxşı bilirik ki, ermənilərin çoxu bizim saytlara baxır, hərbi komissarlıqların ərazisindən çəkilmiş videomaterialları və fotokadrları görürlər, onlar görürlər ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri öz qəlblərinin səsi ilə fərəhlə Azərbaycan ordusuna yazılır və doğma torpaqlarımızın azad edilməsi uğrunda döyüşə can atırlar.

Azərbaycanda yaşayan xalqların dostluğu, qardaşlığı məsələsinə gəldikdə, tarixdən çoxlu nümunələr göstərmək olar: müxtəlif millətlərə mənsub adamlar bizim ortaq Vətənimizin bütövlüyü uğrunda vuruşub, hətta canlarından keçiblər. Bu barədə aylarla, illərlə yazmaq olar. Biz isə yaxın günlərdə baş vermiş bircə faktı nümunə göstərəcəyik.

2020-ci il oktyabrın 1-də Ağdamın “Qarabağ” futbol klubu Polşada “Legiya” komandasını “darmadağın edərək” Avropa Liqasının qrup mərhələsinə çıxıb!

Biz bu klubun nümayəndələrindən oyunçuların siyahısını bizə təqdim etmələrini xahiş etdik və dönə-dönə üzr istədik ki, ilk dəfə olaraq “Qarabağ” futbolçularını milli mənsubiyyətə görə “fərqləndirəcəyik”.

Elvar Quliyev – klubun tərcüməçisi, talış

Şahruddin Məhəmmədəliyev – qapıçı, ləzgi

Bədəvi Hüseynov – müdafiəçi, ləzgi

Mahir Əmrəli – avarların kompakt yaşadığı Zaqatalanın nümayəndəsi

Maksim Medvedev – komandanın kapitanı, müdafiəçi, rus

Qara Qarayev – yarımmüdafiəçi, azərbaycanlı (yeri gəlmişkən, Azərbaycan ordusu bu günlərdə onun doğma kəndini işğaldan azad edib)

Müşfiq Hüseynov – məşqçi, hazırda işğal altında olan Ağdam şəhərindən.

“Qarabağ” komandasında başqa dövlətlərin – Afrika, Cənubi Amerika, Avropa ölkələrinin nümayəndələri də çıxış edir, onlar hamısı bir ailə kimi səmimidirlər.

Doğrudan da tarix iki dəfə təkrarlanır - əvvəlcə faciə şəklində, sonra məzhəkə formasında. XIX əsrin əvvəlində Anadoluda ermənilərin özlərinin məkrli niyyətləri səbəbindən başlarına gəlmiş faciə bu gün Azərbaycanda döyüş meydanında başqa formada təkrarlanır.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.