MƏDƏNİYYƏT
Baş nazirin müavini Elçin Əfəndiyev: UNESCO-nun bu mühüm sessiyasının Bakıda keçirilməsi cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir VİDEO
Bakı, 2 dekabr (AZƏRTAC). UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi, ümumiyyətlə, cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində söyləmişdir.
Baş nazirin müavini Azərbaycan ilə UNESCO arasında qarşılıqlı hörmətə, ehtirama və etimada söykənən işgüzar əlaqələrin yarandığını nəzərə çatdırmışdır. O, xüsusən son illərdəki fəaliyyəti qeyd edərək bildirmişdir ki, bu müddətdə Azərbaycan ilə UNESCO arasında əlaqələr daha da genişlənmiş, Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunmuşlar.
E.Əfəndiyev vurğulamışdır ki, bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. O bildirmişdir ki, Prezident İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubu Azərbaycan hökumətinin UNESCO ilə əməkdaşlığın inkişafına verdiyi qiymətin bariz nümunəsidir.
Baş nazirin müavini təqribən bir həftə davam edəcək bu sessiyanın ölkəmizdə keçirilməsinin Azərbaycan-UNESCO əlaqələrinin daha da inkişaf etməsində xüsusi rol oynayacağını demişdir.