CƏMİYYƏT
Baş nazirin müavini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə maraqlanıb VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iş fəaliyyəti və burada əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Agentliyin ofisində yaradılan şəraitlə tanış olub, işçilərlə söhbət edib, onlara öz tövsiyələrini verib.
Jurnalistlərə müsahibə verən baş nazirin müavini deyib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Artıq bu qurum işə başlayıb, ilk addımlarını atır. Ancaq Agentliyin strukturu hələ formalaşmayıb. Növbəti mərhələdə icbari tibbi sığortanın tətbiqi üzrə işlər görüləcək. Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir. Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib”.
Baş nazirin müavini vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. “Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin əsas hədəfi əhalinin maddi rifah halının, ümumilikdə sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Eyni zamanda, vətəndaşlarımıza göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması da əsas məqsəddir. Bu baxımdan demək olar ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin daha müasir formasının yaranmasına imkan verəcək. Nəticədə səhiyyəyə ayrılan dövlət vəsaiti daha səmərəli istifadə olunacaq. Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi ilə bu sferada sosial ədalət prinsipinin daha əhatəli tətbiqinə nail olacağıq”, -deyə Əli Əhmədov bildirib.
Baş nazirin müavini qeyd edib ki, maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, imkanlı insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Bununla da səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək.
Əli Əhmədov qarşıya qoyulan hədəfə çatmaqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin öz işinin öhdəsindən gələcəyinə əminliyini bildirərək deyib: “Agentlikdə əsasən hazırlıqlı və intizamlı gənclər işə götürülüb. Gələcəkdə onların sayı artırılacaq. Bununla da Azərbaycanda dayanıqlı icbari tibbi sığorta sistemi fəaliyyət göstərəcəkdir”.
İcbari tibbi sığortanın nə vaxt tətbiq olunması məsələsinə gəlincə baş nazirin müavini Azərbaycanda bu sistemin ilk dəfə tətbiq olunduğunu və bütün əhalini əhatə etdiyini, ona görə də xeyli vaxt apardığını bildirərək deyib: “Çalışmaq lazımdır ki, hazırlıq işləri tezliklə başa çatsın. Bundan sonra növbəti ildə icbari tibbi sığortanı mərhələli şəkildə tətbiq edə bilərik. Əsas hədəf odur ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində pilot olaraq icbari tibbi sığorta bir neçə sahədə tətbiq edilsin”, -deyə Əli Əhmədov diqqətə çatdırıb.
Yaxın vaxtlarda sosial evlərin tikintisinə başlanılacağını deyən baş nazirin müavini qeyd edib ki, bununla da aztəminatlı ailələr əlverişli şərtlərlə ev sahibi olmaq imkanı qazanacaqlar.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə rəhbərlik etdiyi qurumun iş prinsipləri, ödəmə mexanizmləri eləcə də dövlət və özəl xəstəxanalarla qurulan əlaqələrdən danışıb. Qeyd edib ki, Avropa İttifaqının maliyyələşdirdiyi “SOCEİUX” layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəliblər. Ekspertlər Agentlikdə keçirilən görüşlərdə dünyada səhiyyənin maliyyələşməsi yolları ilə bağlı təqdimat keçiriblər. İcbari tibbi sığorta sistemində ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub. Bir həftə davam edən görüşlərdə Agentliyin mütəxəssisləri MDB və Avropa ölkələrinin icbari tibbi sığorta sistemləri haqqında söhbət açıblar. Azərbaycanın hansı ölkələrin təcrübəsindən yararlana biləcəyini, həmin ölkələrdə icbari tibbi sığorta sistemi qurularkən ortaya çıxan çətinliklər və problemlərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıblar. Ekspertlər “SOCEİUX” layihəsi çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək tədbirlər və mərhələli olaraq aparılacaq islahatlarla bağlı fəaliyyət planı hazırlayırlar. İcbari tibbi sığortanın ayrı-ayrı komponentləri üzrə daha əhatəli araşdırmaların aparılması və Azərbaycana texniki dəstəyin göstərilməsi ekspertlərlə razılaşdırılıb.