CƏMİYYƏT
Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.