CƏMİYYƏT


Baş prokuror Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri və veteran prokurorluq əməkdaşları ilə görüşüb

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də prokurorluq orqanlarının yaranmasının 104-cü ildönümü ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri və prokurorluğun veteranları ilə ənənəvi olaraq görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edib, onların Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Tədbirdə çıxış edən şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açıb, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs ediblər.

Görüş zamanı çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva, Qazax hərbi prokurorluğunun sabiq müstəntiqi Səbuhi Xasayevin anası Qeysun Babayeva, prokurorluğun veteranları Seyfulla Aslanov, Dürhəsən İmanov baş vermiş hadisələrlə bağlı ötən xatirələri bölüşərək prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını nəzərə çatdırıb.

Bundan əlavə, bu gün prokurorluq əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.