CƏMİYYƏT


Baş prokuror: Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Ötən il digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26 min 4 cinayətin 84,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,5 faizi prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Onların da açılma faizi 85,5 faiz təşkil edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında deyib.

Kollegiya iclasında ötən ilin prokurorluq orqanları üçün də əlamətdar olduğunu qeyd edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən dövlətimizin başçısının verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini diqqətə çatdırıb. Bununla əlaqədar qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatlarının aparıldığı, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yeniləndiyi bildirilib.

Baş prokuror qeyd edib ki, 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb. Ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib, 254 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adamöldürmə cinayəti qeydə alınıb ki, onların 94 faizinin üstü açılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.