CƏMİYYƏT
Baş prokuror Yevlaxda vətəndaşları qəbul edib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov dekabrın 9-da Yevlax Şəhər Prokurorluğunun inzibati binasında Mingəçevir, Yevlax şəhərlərindən, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Zakir Qaralov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 26 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Eyni zamanda, prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Sonra tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.