CƏMİYYƏT
Baş prokuror hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüşüb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illərdə həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımların atıldığını qeyd edib. Kamran Əliyev gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini vurğulayıb.
Həmçinin Baş prokuror Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini nəzərə çatdırıb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqləri Hümbətov Fəhmin Zaur oğluna və Əliyev Hafiz Samir oğluna, Saatlı Rayon Məhkəməsinin hakimi təyin edilmiş Biləsuvar rayon prokurorunun böyük köməkçisi Sadıqov Mirlətif Süleyman oğluna və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Səfərli Cavid Şamil oğluna Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim olunub.
Tədbirə yekun vuran Baş prokuror hakim vəzifəsinə təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.