SİYASƏT
Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə Ermənistan ordusunun raket atəşləri nəticəsində dağılmış əraziyə gəliblər
Gəncə, 17 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncə şəhərinə yenidən raket atması nəticəsində dağılmış əraziyə gəliblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Baş prokuror və Fövqəladə Hallar naziri Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə, hərbi cinayət nəticəsində dağılmış yaşayış evlərinə baxış keçirib, axtarış-xilasetmə işləri ilə tanış olublar.
Qeyd edək ki, oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Düşmənin silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.