CƏMİYYƏT


Baş stomatoloq vətəndaşları elementar gigiyenik qaydalara riayət etməyə və vaksinasiyada fəal iştiraka çağırıb

Bakı, 5 may, AZƏRTAC

Hazırda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin vurdurulub-vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri vaksinin tərkibinin bəlli olmadığını əsas gətirərək peyvəndləmədən imtina edirlər. Lakin maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bəlli olmayan dərmanları asanlıqla qəbul etsələr də, nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın baş stomatoloqu, ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri professor Nazim Pənahov deyib.

N.Pənahov qeyd edib ki, hər kəs dəfələrlə stomatoloji müalicə üçün həkimlərə üz tutub. Müraciət edilən klinikalarda ağız boşluğunda aparılan istənilən müdaxilə, məsələn, plomblama, dişin pulpasının çıxarılması, yaxud dişin özünün çəkilməsi, diş əti xəstəliklərinin müalicəsi, dental implantasiya, müxtəlif protezlərin hazırlanması və s. zamanı həkim-stomatoloq bir çox hallarda müxtəlif tərkibli medikamentoz vasitələri ya inyeksiya şəklində ağızda selikli qişanın altına, ya məhlul şəklində birbaşa dişin pulpası çıxarılan nahiyəyə, ya da dişin plomblanması zamanı onun üzərinə, dental implantasiya zamanı əng və çənə sümüyünə tətbiq edir. Təbii ki, tətbiq edilən medikamentoz preparatların kimyəvi tərkibi, onun hansı üsulla hazırlanması, niyə məhz müalicənin bu və ya digər mərhələsində pasiyentdə istifadə olunması heç kimi maraqlandırmır. Həmin preparatların pasiyentin hazırkı vəziyyətinə təsiri və onun gələcək həyatında nə kimi iz qoya biləcəyini heç kim düşünmür, çünki gedilən klinikada çalışan həkimin tibbi savadına və peşəkarlığına inanaraq ona müraciət edilir. Lakin məhz COVID-19 qlobal bəlasından qorunmaq üçün dövlətin ayırdığı külli miqdarda valyutanın xərclənməsi hesabına min bir əziyyətlə indiki vaxtda respublikamıza gətirilməsi təmin edilən vaksinə gəldikdə isə hər kəs özünü həkim, epidemioloq, əczaçı, mikrobioloq, yaxud kimyaçı kimi aparır. Əksəriyyət “Google”dan əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq bir-birlərinə vaksin vurdurmamaq barədə ciddi tövsiyələr verir”.

Bu cür davranışı təzadlı sayan baş stomatoloq Nazim Pənahov xatırladır ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq surətdə, mövcud olan sxem və təqvim üzrə COVID-19-dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vurulur: “Bunun bəhrəsini də biz həyatımız boyunca həmin xəstəliklərə yoluxmamaqda görürük. Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, Hepatit-B-yə qarşı əhali arasında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi, belə deyək, öz vəsaiti hesabına vurdurur, sonra revaksinasiya olunurlar və artıq belə xəstələr ilə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaqdan sığortalayırlar.

Ancaq demək olar ki, pandemiya başladığı gündən bəzi sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək bəzi vətəndaşlar yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.

Həkim-stomatoloq indiki pandemiya dönəmində ətrafdakılardan utanıb-çəkinmədən yerə tüpürən vətəndaşlara da müraciət edib. Qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu, vaksinasiya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir: “Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, lakin indiki zamanda çox qorxulu olan bir pis adət də var. Bu da öskürən zaman ağız boşluğuna düşən bəlğəmi ətrafdakılardan utanıb-iyrənmədən birbaşa yol getdiyi zaman küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların bizim küləkli şəhərimizdə hava vasitəsilə, eləcə də həmin ərazidən keçən və ayağının altına diqqət yetirməyən uşaq və böyüklərin ayaqqabılarına bulaşaraq evlərə və ya müəssisələrə gətirilməsi infeksiyanın yayılması üçün zəmin yaradır”.

Baş stomatoloq bir daha vətəndaşlara müraciət edərək onları elementar gigiyenik qaydalara riayət etməyə və vaksinasiyada fəal iştiraka çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.