SİYASƏT
Başar Kömür: Biz Azərbaycanın həqiqi milli sərvətinin yalnız neft və qaz deyil, eyni zamanda, onun mədəniyyəti, insanları olduğunu dünyaya çatdırmalıyıq
Bakı, 8 iyul (AZƏRTAC). Dünya azərbaycanlıların III qurultayı Azərbaycan dövləti ilə Azərbaycan diasporunun möhkəm birliyinin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Başar Kömür söyləmişdir.
B. Kömür demişdir: “Bu qurultay işğal altındakı torpaqlarımızın azad olunmasının və köçkünlərimizin hüquqlarının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinin, Azərbaycan diasporu ilə Azərbaycan dövlətinin birgə hərəkət etmək üçün hazırlığının bariz nümunəsidir. Millətsiz dövlət, dövlətsiz diaspor ola bilməz. Azərbaycan Prezidentinin qurultaydakı nitqi dövlət, millət və diaspor arasındakı münasibəti çox açıq-aydın şəkildə ortaya qoydu. Bu, bizim üçün proqram və yoldur. Azərbaycanın hər bir diaspor nümayəndəsi bunu anlamışdır. Eyni zamanda, düşmənlərimiz də görüb anlayırlar ki, biz artıq birik və bu birliyimiz gələcək uğurlarımızın təməlini qoyacaqdır”.
AAK sədri bildirmişdir ki, bir dövlətin tanınması üçün müxtəlif sahələrdə işlər görmək lazımdır. Biz artıq Azərbaycan diasporu olaraq təşkilatlanmada cəmiyyətlər səviyyəsini keçmişik. Artıq peşəkar rəssamların, ziyalıların, incəsənət xadimlərinin hamısının yer aldığı işçi qrupları yaratmaqla millətimizin mədəniyyətini tanıtmağa, dostlar əldə etməyə çalışmalıyıq. Azərbaycanın “Euvrovision-2011” mahnı müsabiqəsindəki qələbəsi musiqinin millətin və dövlətin tanınmasında rolunun böyük olduğuna nümunədir. Azərbaycanın dünyada daha da tanınması üçün belə uğurlarımızın sayı çoxalmalıdır. Biz Azərbaycanın həqiqi milli sərvətinin yalnız neft və qaz deyil, eyni zamanda onun mədəniyyəti, insanları olduğunu dünyaya çatdırmalıyıq.
Başar Kömür Azərbaycan Prezidenti İlham Əliyevə onu “Dostluq” ordeni ilə təltif etdiyinə görə minnətdarlığını bildirmişdir.