CƏMİYYƏT


Başkənd əməliyyatının qəhrəmanı şəhid Məzahir Rüstəmovun xatirəsi anılıb VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Respublikamızın Qərb regionunda təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı keçirdiyi uğurlu Başkənd əməliyyatından 30 il ötür.

Tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci illərdə sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalan bu yaşayış məntəqəsinin adını da ermənilər özününküləşdirərək “Arsvaşen” adlandırmışlar.

Danılmaz faktdır ki, ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. İlk erməni ailəsi yerli bəylərin icazəsi ilə 1858-ci ildə bu ərazidə məskunlaşıb. 1905-1906-cı, 1918-1920-ci illər hadisələri zamanı daşnak tör-töküntüləri torpaq, çörək verib qanadlarının altına aldığı Azərbaycan əhalisini sıxışdıraraq kənddən çıxarmağa məcbur etmişlər.

Birinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi bu ərazidən Gədəbəyin Şınıx bölgəsini və Tovuz rayonunun bir çox kəndlərini atəş altında saxlamaq üçün istifadə edib. Onlar Başkəndi quldur yuvasına çevirərək oradan yaşayış məntəqələrimizə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edir, soydaşlarımızı vəhşicəsinə qətlə yetirirdilər.

1992-ci il avqustun əvvəllərində vəziyyət daha da gərginləşir. Ermənistanın hərbi birləşmələri avqustun 5-də Mutudərə və Qasımağalı kəndlərini ələ keçirmək üçün 1000-ə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər hərbi texnikalarla hücuma keçirlər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun könüllülər dəstəsi öz üzərinə götürür. Son nəfəsinə, son gülləsinədək qəhrəmancasına vuruşan Məzahir Rüstəmov və onun silahdaşlarının sayəsində qarşı tərəfin hücumu xeyli ləngidilir, kənd əhalisinin təhlükəsizliyi təmin edilir və Azərbaycan Ordusunun bölmələrinin əks-hücum planının həyata keçirilməsi üçün zəmin yaradılır.

Mühasirəyə alınan Məzahir Rüstəmov və onun igid döyüşçüləri avqustun 6-da Mutudərə yaxınlığındakı yüksəklikdə şəhid olsalar da, 2 gün sonra Azərbaycan oğulları Başkənd üzərinə hücuma keçir və erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq, axşama yaxın Başkəndi azad edir, şəhid qardaşlarının intiqamını alaraq düşmənin 200-dən çox canlı qüvvəsini, 4 top, 3 tank, 1 BMP və digər texnikalarını məhv edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər uğurlu Başkənd əməliyyatının 30-cu ildönümü ilə bağlı Müdafiə Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə yüksəkliyində və qəhrəmanın rayon mərkəzində ucaldılan tunc abidəsinin qarşısında keçirilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” adlı tədbirdə səsləndirilib.

Müdafiə Nazirliyi rəsmilərinin, Gədəbəy rayon ictimaiyyəti nümayəndələrinin, şəhid qəhrəmanın valideynlərinin, döyüşçü dostlarının, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin bir qrup əsgər və zabitinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Mutudərə yüksəkliyində bir neçə il öncə polkovnik A.Qurbaninin təşəbbüsü ilə yaradılan xatirə obeliskini ziyarət edərək qarşısına qızılgül çələngi qoyub və Milli Qəhrəman Məzahir Rüstəmovun timsalında respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Polkovnik A.Qurbani hərb tariximizin parlaq səhifələrindən olan Başkənd əməliyyatından, igid oğullarımızın mərdlik və şücaətlərindən, “Topçu İsgəndər” kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun və digər qəhrəmanların fədakarlıqlarından geniş söhbət açıb, Milli Qəhrəman Məzahir Rüstəmovun hər bir gənc üçün örnək olan mənalı ömür və dastana çevrilmiş döyüş yolu barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Məzahir İzzət oğlu Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Adı məşhur hərbi təyyarəçi Məzahir Abbasovun şərəfinə qoyulan qəhrəmanımız Nizami rayonundakı 32 nömrəli orta məktəbi və Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant, Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi” şöbəsinin müdiri vəzifələrində çalışıb. Könüllü olaraq ata-baba yurdu olan Gədəbəy rayonuna gedərək yeni yaranmaqda olan Azərbaycan Ordusunun döyüşçülərinə qoşulub və təcavüzkarlara qarşı mərdliklə vuruşub.

Nəzərə çatdırılıb ki, Məzahir Rüstəmov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, xatirəsi əbədiləşdirilib, haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin İsalı inzibati ərazi vahidinin icra nümayəndəsi Məzahir Rzayev, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Məzahir Qasımov, Şınıx kənd inzibati ərazi vahidinin icra nümayəndəsi İmran Rüstəmov və başqaları çıxış edərək Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüblər.

“N” hərbi hissəsinin zabiti Rəşad Əliyev deyib: “Vətən torpağının hər qarışı bizim üçün müqəddəsdir, doğmadır. Bu torpaq uğrunda canından, qanından keçən hər bir Vətən əsgəri xalqın qan yaddaşında əbədi yaşayır. Gələn yeni nəsillər onların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirərək hərb tariximizə yeni-yeni səhifələr yazırlar. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin intiqamını aldı. Onların qanı yerdə qalmadı. Bu günümüzün özündə də düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə alır, onlara göz açmağa belə imkan vermirik. Azərbaycan Ordusunda Məzahir kimi igid oğullar minlərlə, on minlərlə, yüz minlərlədir. Qoy qəhrəman Məzahirin valideynləri bir daha əmin olsunlar ki, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanımızın hər bir əmrinə hazırdır, torpaqlarımıza göz dikənlərə “Dəmir yumruq”la dağıdıcı zərbələr vurmağa qadirdir. Düşmənlərimiz yaddan çıxarmasınlar ki, “Dəmir yumruq” yenə də yerindədir!”.

Şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanım və atası Əməkdar elm xadimi, professor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevdən və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevdən həmişə diqqət və qayğı gördüklərini söyləyib. Hər il övladlarının xatirəsinə tədbirlərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Professor bildirib ki, ordu ilə xalqın birliyi bu gün daha möhkəmdir, sarsılmazdır. Dövlətimizin başçısının ətrafında daha sıx birləşmişik. Xalqımız ordumuza dayaqdır. Hər kəs öz xidmət sahəsində çalışmalıdır ki, heç bir yad təsir bizim birliyimizə xələl gətirməsin. Unutmamalıyıq ki, düşmən utancverici məğlubiyyətlə heç cür barışa bilmir. Bunun üçün də daim sərvaxt olmalı, düşmən qüvvələrinin aramıza nifaq toxumu səpməsinə rəvac verməməliyik. Mən oğlumun qanı səpilən bu yüksəklikdən xalqımızı, millətimizi Vətənimizin daha firavan, xoşbəxt gələcəyi naminə bir daha sıx birləşməyə çağırıram. Yaddan çıxarmayaq ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə məhz xalqımızın birliyi, həmrəyliyi, ordumuzun gücü və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharəti, bir də “Dəmir yumruğ”un sayəsində nail olmuşuq.

Mutudərə yüksəkliyində Əməkdar artist Cahangir Qurbanov, tanınmış müğənni Vüqar Qarabağlının ifasında səslənən vətənpərvərlik mahnıları tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.

Mutudərə yüksəkliyində keçirilən tədbirdən sonra Gədəbəy şəhərinin mərkəzində Milli Qəhrəman Məzahir Rüstəmovun tunc abidəsi ziyarət olunaraq qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyulub, qərənfillər düzülüb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev tədbir iştirakçılarını salamlayaraq bütün xalqımız kimi, Gədəbəy sakinlərinin də Birinci Qarabağ müharibəsində, o cümlədən İkinci Qarabağ müharibəsində fəal iştirak etdiklərini vurğulayıb.

Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, hərbi hissələrlə sıx əlaqələrdən danışan N.Nağıyev qeyd edib ki, hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində Gədəbəy rayonundan yüzlərlə gənc xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrinə üz tutan gənclərin sayı ildən-ilə çoxalır. Müdafiə Nazirliyi ilə birgə təşkil etdiyimiz tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsində, onların orduya hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. "Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər" adlı vətənpərvərlik tədbiri rayon sakinlərinin xatirindən heç vaxt silinmir. Bu tədbir bir daha göstərdi ki, həqiqətən Məzahir Rüstəmov kimi neçə-neçə qəhrəmanı ilə fəxr edən Gədəbəy rayonunun sakinləri də Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Vətənə igid oğullar bəxş edən şəhid valideynlərinə minnətdarlıq edib. Şınıx əməliyyatı zamanı həm gədəbəylilərin, həm də digər rayon və şəhərlərdən könüllü olaraq köməyə gələn Vətən oğullarının qəhrəmanlıqlarından qürur hissi ilə danışıb. Həmin uğurlu döyüşlər zamanı düşmənlərə sarsıdıcı zərbələr endirən qəhrəman oğulları yaxından tanıdığını deyib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, "Qisas" əməliyyatı zamanı düşmənə yeni bir dərs verildiyindən qürurla bəhs edib.

Vətən müharibəsi qazisi Sərvan Abdullayev "Biz qəhrəman Məzahirlərin, İsgəndərlərin, Mübarizlərin, Fəridlərin davamçılarıyıq. Sağlamlığımda problemlər olmasına baxmayaraq mən bu gün də döyüş meydanına atılmağa hazıram!", - deyə başını dik tutub.

Professor İzzət Rüstəmov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə bir daha minnətdarlığını bildirib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun təqdim etdiyi “Xatirələrdə, nəğmələrdə yaşayan şəhidlər” adlı ədəbi-bədii kompozisiya ilə anım mərasimi başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.