ELM VƏ TƏHSİL
Basketbol idman növü üzrə “Təhsil Liqası”na start verilib
Bakı, 22 oktyabr, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol idman növü üzrə 13 yaşadək (U-13), 15 yaşadək (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında “Təhsil Liqası”nın oyunlarına start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, liqanın keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. 17 yaşadək (U-17) oğlanlar, 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) qızlardan ibarət komandalar arasında liqalar bu mövsümdən təşkil olunub.
Qeyd olunan yaş qrupları üzrə liqalarda idman məktəbləri, müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparacaq.
İki dövrədən ibarət liqaların oyunları 2020-ci ilin iyun ayında başa çatacaq.
Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaq.