REGİONLAR
Basketbol üzrə ictimai hakimlər hazırlanır
Naxçıvan, 21 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında basketbol üzrə ictimai hakimlərin hazırlanması məqsədilə seminar təşkil edilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ölkəmizdə digər sahələrlə yanaşı, basketbol idman növünün inkişafına da xüsusi önəm verildiyini vurğulayıb. Ali təhsil ocağının idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd edib. Elbrus İsayev basketbol idman növünə olan marağı artırmaq, bu idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyan seminarların mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Universitetin İdman Klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məhəmmədəli Rəhimov bildirib ki, universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir. Bu məşğələlərdə hər gün yüzlərlə tələbə idmanın müxtəlif növləri ilə məşğul olur. Müxtəlif növlər üzrə idman hakimlərinin hazırlanması da diqqət mərkəzindədir. Voleybol, futbol və cüdo güləşi üzrə seminarlar keçirilib. Bu gün isə basketbol idman növü üzrə də seminar uğurla başa çatıb. Məşqçilik, Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrinin qatıldığı seminarda 15 tələbə iştirak edib. Seminarı respublika dərəcəli hakim Füzuli Salmanov aparıb.
Sonra nəzəri biliklərin təcrübədə yoxlanılması məqsədilə iki komanda arasında yoldaşlıq görüşü keçirilib və seminarda iştirak edən Məşqçilik ixtisası üzrə I kurs tələbəsi Əlişan Rəhimov və Qumru Musalı oyunun hakimliyini ediblər.
Hakimlər üçün keçirilən seminarın təcrübi cəhətdən faydalılığını yoxlamaq məqsədilə tələbələr aprel ayın 27-dən etibarən keçiriləcək XV universiada proqramına daxil olan basketbol yarışlarını idarə edəcəklər.