REGİONLAR
Basketbol üzrə muxtar respublika çempionatının ilk turuna yekun vurulub
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatının yüksək dəstə və I dəstə oyunlarının ilk turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstəsinin ilk turu meydan sahiblərinin qələbələri ilə yekunlaşıb. Çempionatın favoriti kimi “Naxçıvan” komandası ilk turda şərurlu həmkarlarını 76:30 hesabı ilə məğlub edib. “Şərur” komandası “Culfa” komandasının qonağı olub və meydanı yenə məğlub tərk edib – 55:28. Ordubad basketbolçuları isə “Babək” komandasından üstün olublar – 34:16.
“Sədərək” komandası I dəstənin oyunlarında uğurlu çıxışı ilə yadda qalıb. İlk turda doğma arenada “Naxçıvan” Universiteti komandasını 5 top fərqi ilə (28:23) məğlub edən sədərəklilər, eyni uğuru səfərdə oynadıqları “Kəngərli” komandasına qarşı da əldə ediblər. Onlar “Kəngərli” komandasını 18:11 hesabı ilə məğlub edərək liderliyi ələ alıblar. Bu turda “Şahbuz” komandası “Lokomotiv”lə qarşılaşıb və meydanı 49:35 hesablı qələbə ilə tərk edib.