İDMAN


Basklar Ölkəsində dopinq yoxlamalarına görə bodibildinq üzrə çempionat ləğv edilib

Madrid, 31 oktyabr, AZƏRTAC

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) oktyabrın 28-də Basklar Ölkəsində keçirilən fitnes və kulturizm üzrə çempionatı ləğv etmək məcburiyyətində qalıb. Dopinq nəzarətinin keçiriləcəyi barədə məlumat verilən kimi, iştirakçıların çoxu yarışı tərk edib.

AZƏRTAC xəbər verir ki, Biskayya əyalətinin Santurse şəhərində keçirilən çempionata gözlənilmədən Bask Antidopinq Agentliyinin ekspertləri gəliblər. Ekspertlər gələndə yarışlar artıq başlanmış, iştirakçıların çəkisi müəyyənləşdirilmişdi. Bodibilderlərin əksəriyyəti testlər aparılacağını öyrənən kimi, yarışda iştirak etməkdən boyun qaçırıb. Ekspertlər iştirakçılardan nümunə götürməyə macal tapmamış təşkilatçılar çempionatın ləğv olunduğunu elan ediblər.

Bask Antidopinq Agentliyindən xatırladıblar ki, may ayında Basklar Ölkəsinin Bodibildinq Federasiyası ilə yarışlarda dopinq nəzarətinin aparılması barədə saziş imzalanıb. Sənədə görə, ilk testlər iyunda aparılıb. Götürülən 12 analizdən 5-i qadağan edilmiş preparatlardan istifadə olunduğunu göstərib. Testlərin nəticələri federasiyaya göndərilib. Sonrakı addımlar və mümkün cəza tədbirləri barədə qərarı isə federasiyanın özü qəbul edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.