REGİONLAR
Basqalda 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
İsmayıllı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu sahədə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.
Təhsil naziri çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, uğurlar arzulayıb.
Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.
Qeyd edək ki, İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir.