DÜNYA
Başqırdıstanda yerli xalqların nağılları əsasında cizgi filmləri çəkiləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
“Başqırdıstan Respublikası xalqlarının mədəni irsinin qorunması” layihəsi çərçivəsində “Başqırdıstan” kinostudiyasında uşaqlar üçün cizgi filmlərinin çəkilişlərinə başlanılıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bunun üçün beş xalq nağılları seçilib.
Kinostudiyanın direktoru Yunir Aminev media nümayəndələrinə deyib: “Layihənin məqsədi animasiya kimi müasir vasitələrdən istifadə edərək uşaqları yerli xalq nağılları vasitəsilə tərbiyə etməkdən ibarətdir. Heç kimə sirr deyil ki, uşaqlarımız cizgi filmlərinə baxmağı sevir, oradakı qəhrəmanlara bənzəməyə çalışırlar. Biz yerli xalqların müsbət aura yaradan nağıllarını seçmişik. Nağıl qəhrəmanları dələ, dovşan, müxtəlif quşlar, ağaclar, nənə və nəvə olacaq”.
Qeyd edək ki, “Başqırdıstan” kinostudiyası 1990-cı ildə Başqırdıstanın Nazirlər şurasının qərarı ilə təsis edilib. Kinostudiyanın yaradılmasında məqsəd milli kinonun inkişafına töhfə verməkdir. Bu günə qədər studiyada 100-dən artıq film çəkilib.