REGİONLAR
Batabatda zərərverici həşəratlara qarşı növbəti dərmanlama işləri aparılıb
Şahbuz, 10 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin, həmçinin Şahbuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə ziyanvericilərə qarşı dərmanlama tədbirləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərmanlama tədbirlərinə Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin və rayon Baytarlıq İdarəsinin avtomobilləri cəlb olunub. Aid təşkilatların əməkdaşları avtomobillərin hərəkət edə bilmədiyi ərazilərdə də dezinfeksiya tədbirləri görüblər.
Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində “Gicitkən” və “Şeytanqanqalı” adlanan kəpənək tırtılları ilin bu mövsümündə isti hava şəraitində inkişaf edərək ərazidəki ağaclara və kol bitkilərinə ziyan vurur. Bu baxımdan, dezinfeksiya tədbirlərinin aparılması ekoloji tarazlığın qorunmasına öz töhfəsini verir.
Qeyd edək ki, Batabat muxtar respublikada sakinlər, yerli və xarici turistlər tərəfindən ən çox ziyarət edilən turizm bölgələrindəndir. Buna görə də qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdiyi ərazilər də mütəmadi dərmanlanır.