MƏDƏNİYYƏT
Batal janrında respublika rəsm müsabiqəsinin vaxtı artırılıb
Bakı, 14 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş batal janrında (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr) respublika rəsm müsabiqəsinin şərtləri dəyişdirilib və vaxtı dekabrın 31-dək uzadılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.
Müsabiqənin şərtlərinə görə, təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş Vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir. Əsərlər rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir. Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaqdır.
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərinin mövzusu və ilkin eskizlərini avqust ayının 15-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinə (Ünvan: Bakı ş, Ü.Hacıbəyli küçəsi, 84, 5-ci alaqapı, III mərtəbə, 305-ci otaq, Telefon: +994 12 493-93-85) təqdim edərək razılaşdıra bilərlər.
Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkilləri elektron poçt vasitəsi ilə [email protected] e-mail ünvanına göndərilməlidir.
Qeyd edək ki, may ayınadək müsabiqəyə təqdim edilmiş işlərin müəllifləri öz əsərlərini Xətai Sənət Mərkəzindən götürə bilərlər.