“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 65 kiloqram işlənmiş batareya toplanıb
AzerTAg.az
Bakı, 11 mart, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” marketlər şəbəkəsinin Əhmədli, Gənclik, 28 May, 20 Yanvar, “Araz” marketlər şəbəkəsinin isə Xətai filiallarından 65 kiloqram işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, layihəyə 2022-ci ilin may ayında ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilib.
Layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir.
S.Məmmədova bildirib ki, hazırda işlənmiş batareyaları toplama qutuları müxtəlif dövlət qurumlarında, “Bravo”, “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərində, “Paşa Həyat”, “Access Bank”, “Yapı Kredi Bank Azərbaycan”da, eləcə də, PMD şirkətlər qrupuna daxil olan biznes və ticarət mərkəzlərində (Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir Mall, “PMD Group” mərkəzi ofis) yerləşdirilib.
Hər kəsi təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.




Xəbərin mətnində orfoqrafik səhv var