QAN YADDAŞI


Batumidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Tbilisi, 23 fevral, AZƏRTAC

Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxıblar, onlara mətbuat açıqcaları və Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən baş konsul Pərviz İsmayilzadə bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Nəticədə fevralın 26-sı Xocalı tam alova bürünüb. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü vəhşicəsinə qətlə yetirilib. Bu soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir götürülüb, 150 nəfər itkin düşüb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Bildirilib ki, Xocalı soyqırımı özünün hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb. Bundan sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

Baş konsul deyib ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımının tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqətləri çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

P.İsmayilzadə, həmçinin bildirib ki, 2008-ci il mayın 8-dən etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası başlayıb. Ötən müddət ərzində bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər həyata keçirilib.

Hüquq üzrə gürcü ekspert, professor Rostom Quntaişvili çıxışında baş vermiş faciəyə hüquqi qiymət verib, bu cinayəti Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi xarakterizə edib. R.Quntaişvili ictimaiyyəti qardaş Azərbaycan xalqına dəstək olmağa çağırıb.

Anım mərasimində Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” adlı sənədli film nümayış olunub.

Baş konsul, həmçinin “Acariya” televiziya kanalına müsahibə verib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.