SİYASƏT
Batumidə keçirilən konfransda təhlükəsizlik və müdafiə məsələləri diqqət mərkəzində olub


Tbilisi, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Gürcüstanın Batumi şəhərində “Gürcüstanın təhlükəsizliyi və müdafiəsi” mövzusunda XII beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Gürcüstanın təhlükəsizliyi və müdafiəsinin təşkili, regionda və dünyada baş verən proseslər, regional münaqişələr və onların sülh yolu ilə həlli yolları, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və s. məsələlər müzakirə olunub.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Mamuka Baxtadze, müdafiə naziri Levan İzoriya, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspertlər çıxış edib, məsələ barədə fikirlərini bölüşüblər.
Beynəlxalq təhlükəsizliyə təhdidlər, çağırışlar ətrafında geniş fikir mübadiləsinin aparıldığı konfransda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov iştirak ediblər.
Diplomatlarımız konfrans çərçivəsində keçirdikləri görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması, qaçqın və məcburi köçkün problemləri barədə ətraflı məlumat veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi