Batumidəki Baş konsulluğumuzun təşəbbüsü ilə Türkiyəyə humanitar yardım göndərilib



Tbilisi, 22 fevral, AZƏRTAC
Türkiyədə böyük dağıntılara və insan itkisinə səbəb olan güclü zəlzələdən zərər çəkən insanlara yaxından köməklik göstərmək məqsədilə Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən humanitar yardım kampaniyası həyata keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, kampaniya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq başlanılıb.
Baş Konsulluğun təşkilatçılığı ilə SOCAR-ın Kulevi Qara dəniz neft terminalının və SOCAR-ın Acarıstan nümayəndəliyinin maliyyə dəstəyi ilə humanitar yardım toplanıb.
Yardım məqsədilə ümumilikdə 16 ədəd generator qurğusu, 100 ədəd istilik sobası, 100 ədəd yorğan-döşək dəsti, yataq ləvazimatları və 100 ədəd su keçirməyən, yağış əleyhinə geyim vasitəsi alınıb.
Toplanılan yardım Azərbaycanın baş konsulu Pərviz İsmayılzadənin iştirakı ilə Türkiyənin Batumidəki Baş konsulluğuna təhvil verilib.
Türkiyənin Batumidəki baş konsulu Rza Kağan Yılmaz bildirib ki, baş verən zəlzələ ilə əlaqədar Azərbaycan ilk dəqiqədən həmrəylik nümayiş etdirib, yardım göstərib. Diplomat göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi