DÜNYA
Batumidəki yanğında 11 nəfər həlak olub
Tbilisi, 25 noyabr, AZƏRTAC
Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib. Yanğın cümə günü yerli vaxtla saat 20:00 radələrində başlayıb. Yanğının mərkəzi hoteldəki spa-salon olub.
"İlkin araşdırmalara görə, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Yanğınsöndürənlərin cəsarətli addımları nəticəsində insanları oradan çıxarmaq mümkün olub. Hazırda, demək olar ki, 100 nəfər xilas edilib", - deyə Qaxariya jurnalistlərə bildirib.
Hoteldə əsasən “Gürcüstan gözəli-2017” müsabiqəsinin iştirakçıları yaşayıb. Onlardan heç kim xəsarət almayıb.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də Batumiyə gələrək hadisə ilə yerində tanış olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Beşulduzlu "Leogrande" mehmanxanası Batuminin ən yaxşı hotellərindən biridir. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Onun tikintisi 35 milyon dollara başa gəlib. Oteldə 182 nömrə var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi