İDMAN


“Bavariya” klubu Filippe Koutinyonun transferini başa çatdırıb

Bakı, 19 avqust, AZƏRTAC 

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.

F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.

“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.

Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.