DÜNYA
Bavariyada yanmış avtobusdan 11 nəfərin cəsədi çıxarılıb
Bakı, 3 iyul, AZƏRTAC
İyunun 3-də Bavariyada qəzaya uğrayan turist avtobusundan 11 nəfərin cəsədi çıxarılıb, 7 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Almaniyanın nəqliyyat naziri Aleksander Dobrindt məlumat verib. O, hadisə nəticəsində, həmçinin 30 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib. Nazirin sözlərinə görə, insidentlə bağlı təhqiqat davam edir. Lakin hadisənin baş vermə və alovun sürətlə yayılma səbəbləri hələlik aydınlaşmayıb.
Xatırladaq ki, iyulun 3-də səhər saatlarında yerli turistləri Almaniyanın cənubuna aparan avtobus yük maşını ilə toqquşaraq alışıb. İlkin məlumata əsasən, avtobusda 46 nəfər sərnişin və iki sürücü olub. Yanan avtobusu yalnız 31 nəfər tərk edə bilib. Onların arasında ağır xəsarət alanlar var.