İQTİSADİYYAT
“Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsi elan edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosialyönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
Müsabiqənin şərtlərinə görə, müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq olmamalı). Tətbiq hazırlanarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir. Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.
Müsabiqədə qiymətləndirmə meyarları:
№ |
Meyar |
Bal |
Əmsal |
1 |
Sosial əhəmiyyət (S) |
0-10 |
3 |
2 |
Funksionallıq (F) |
0-10 |
2 |
3 |
Tamlıq (T) |
0-10 |
2 |
4 |
Dizayn (D) |
0-10 |
2 |
5 |
Məzmun (M) |
0-10 |
2 |
Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM
Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.
Müsabiqədə 1-ci yerin qalibinə 2000 manat, 2-ci yerə 1500, 3-cü yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək. Bundan əlavə, iştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və “bulud” imkanlarını əldə edəcəklər. Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq. Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.
“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər noyabrın 13-dən başlayaraq “data.gov.az” portalındakı "Müsabiqələr" menyusuna keçid edərək, uyğun bölmədə qeydiyyatdan keçməli və noyabrın 25-i saat 23:59-dək hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidir.
Noyabrın 26-da iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.
Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində təşkil olunacaq.