İQTİSADİYYAT


“Bax, istifadə et, yarat!” mobil tətbiqlər müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 7 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Bakıda keçirilən “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin noyabrın 13-də Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, istifadə et, yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosialyönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi olub.

Müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbiqlərlə qatılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, “Best Comp Group”, “Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Münsiflər heyətinin qərarı ilə “Plus Group” komandası 1-ci yerə, “The Dev Squad” komandası 2-ci yerə, “No Name” komandası isə 3-cü yerə layiq görülüb. Məlumat Hesablama Mərkəzi tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə 1000 AZN pul mükafatı, kuboklar və diplomlar təqdim edilib. Digər iştirakçılara isə elektron imza sertifikatı hədiyyə olunub.

Müsabiqədə iştirak edən bütün tələbələr isə “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və bulud imkanlarını əldə ediblər. Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri – 1-ci və 2-ci yerin sahiblərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.

Qalibləri təbrik edən qonaqlar da ölkəmizdə açıq məlumatlar sənayesinin inkişaf mərhələsinə başladığını, son illər gənclərin bu sahəyə marağının daha da artdığını və bu kimi müsabiqə və layihələrin gəncləri daha da həvəsləndirdiyini vurğulayıblar.

Sonda qaliblər təşkilatçılara minnətdarlıqlarını bildirib, öz yenilikləri ilə İKT-nin inkişafına töhfələr verəcəklərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.