DÜNYA
Bayden Rusiya əleyhinə sanksiyaları ABŞ üçün ən yaxşı seçim adlandırıb
Bakı, 17 iyun, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Rusiyaya qarşı qəbul etdiyi sanksiyaları ölkəsi üçün ən yaxşı seçim adlandırıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Bayden Moskvaya qarşı maliyyə sanksiyalarını qəbul edərkən seçkilər barədə düşünən siyasətçi kimi deyil, Ali Baş Komandan kimi hərəkət etdiyini deyib.
Bu arada Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı Vaşinqtonun sanksiyaları Moskva üçün mümkün qədər ağrılı etmək niyyətində olduğunu vurğulayıb.
“Məqsədimiz sanksiyaları Kreml üçün mümkün qədər ağrılı etməkdir. Biz, eyni zamanda tək ABŞ üçün deyil, həm də digər ölkələr üçün zərərləri azaltmaq məqsədilə əlimizdən gələni edirik”, - deyə Ned Prays bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar təkcə maliyyə sanksiyaları deyil, həmçinin ixraca nəzarəti nəzərdə tutan strategiya həyata keçirir ki, bu da qısa müddətdə, hətta daha çox uzunmüddətli perspektivdə Rusiya sənayesini, texnologiya və müdafiə bazalarını, həmçinin digər kritik və strateji sektorları lazım olan dəstəkdən məhrum edəcək.
Ned Prays, eyni zamanda Rusiyaya qarşı məhdudiyyətlərdə mühüm istisnaların olduğunu da qeyd edib: “Biz qlobal enerji təchizatının sabit saxlanmasının zəruriliyini nəzərə alaraq bəzi istisnalar etmişik. Məsələn, gübrə və qida məhsulları ABŞ-ın tətbiq etdiyi sanksiyalara daxil deyil”.