DÜNYA


Bayden bütün dövlət qulluqçuları üçün COVID-19-a qarşı vaksinasiya tələblərini elan edib

Vaşinqton, 10 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden bütün dövlət qulluqçuları, iri işəgötürənlər və tibb işçiləri üçün vaksinasiyanın yeni qaydalarını elan edib.

AZƏRTAC xəbər verir ki, Ağ evin rəhbəri tərəfindən imzalanmış sərəncama əsasən, bütün dövlət qulluqçularının COVID-19-a qarşı vaksinlənməsi tələb olunur. Bu qaydalar federal hökumətin podratçı şirkətlərinin əməkdaşlarına da aiddir. Prezident bildirib ki, vaksinləmə barədə tələblər təqribən 100 milyon amerikalını, yəni ABŞ işçi qüvvələrinin üçdə iki hissəsini əhatə edəcək.

Prezident Əmək Nazirliyinə göstəriş verib ki, 100 və daha çox işçisi olan bütün müəssisələrin əməkdaşları tam vaksinasiyadan keçmələrini, ya da hər həftə COVID-19 testi vermələrini tələb etsinlər. Bu tələblərə etinasız yanaşan işəgötürənlər 14.000 dollara qədər cərimə oluna bilərlər.

Bayden peyvənd vurulmamış amerikalılara müraciət edərək deyib: “Biz səbir nümayiş etdirdik, lakin artıq səbrimiz tükənir və sizin vaksinasiyadan imtina etməyiniz hamımıza baha başa gəldi. Ona görə də bundan sonra düzgün hərəkət edin”.

Federal proqramlara əsasən təqribən 300 min pedaqoq vaksinasiyadan keçməli, “Medicare” və “Medicaid” vəsaitləri alan müəssisələrdə çalışan 17 milyona yaxın tibb işçisi tam vaksinləmə keçəcəklər. Hökumətin rəsmi məlumatına görə, yaşlı amerikalıların 75 faizi COVID-19-a qarşı azı bir doza vaksin alıb, ABŞ əhalisinin 64 faizi tam peyvəndlənib.

AZƏRTAC-ın Vaşinqton bürosu 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.