DÜNYA


Bayden iri korporasiyaları “vergilərin ədalətli hissəsini” ödəməyə çağırıb

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

Co Bayden iri korporasiyaların rəhbərlərinə müraciətlə, onları “vergilərin ədalətli hissəsini” ödəyərək, onun administrasiyasının iqtisadi siyasəti ilə əlaqədar xərclərin ödənilməsinə kömək etməyə çağırıb. Bu siyasət ABŞ-da yaşı 65 və daha yuxarı olan şəxslərin tibbi sığortası barədə “Medicare” milli proqramının genişləndirilməsi, habelə uşaqlara əlçatan qulluğun təmin olunması kimi məsələləri əhatə edir.

AZƏRTAC xəbər verir ki, Bayden keçən ay Senat tərəfindən qəbul edilmiş İnfrastruktur haqqında qanun layihəsinin, habelə hazırda Nümayəndələr Palatasında müzakirə edilən 3,5 trilyon dollar məbləğində Büdcə haqqında qanun layihəsinin müsbət cəhətləri barədə danışıb.

Bayden iri korporasiyaların rəhbərlərinə müraciət edərək deyib: “Mən heç kəsi cəzalandırmağa hazırlaşmıram. Mən kapitalistəm. Sizdən bircə xahişim var, vergilərin ədalətli hissəsini ödəyin”. Onun sözlərinə görə, vergilərin az hissəsini ödəyən və ya ümumiyyətlə vergi ödəməyən iri şirkətlər “məsuliyyət hissini itiriblər”.

Prezident son vaxtlarda baş vermiş təbii fəlakətlər, o cümlədən “İda” qasırğası və ölkənin qərb hissəsində meşə yanğınları barədə söhbət açaraq bildirib ki, əgər onun infrastruktur planı Konqres tərəfindən qəbul olunsa, bu plan ekstremal iqlim şəraiti ilə bağlı böhranın öhdəsindən gəlməyə kömək edər. Prezident deyib: “Ümidvaram ki, biz bu ölkədə iqlimin dəyişməsi faktını müzakirə etməyəcəyik. İndi hərəkət etmək vaxtıdır və biz sürətlə hərəkət etməliyik”.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.