MƏDƏNİYYƏT


Bayrağımız fəxrimizdir

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də “Qafqaz Media” İctimai Birliyinin ofisində Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız fəxrimizdir!” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Azadə Hüseynova müstəqilliyimizin simvollarından biri olan üçrəngli bayrağımızın 100 illiyə sinə gərərək gəlib bu günümüzə çatdığını söyləyib.

Qeyd edib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayraq xalqımızın azadlıq məfkurəsini, milli mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirir.

Bakı Dövlət Universitetinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Knyaz Aslan, “Xalq TV” internet televiziyasının rəhbəri Hidayət Möhnətov, Gürcüstan ziyalılarını təmsil edən şair-publisist Nizami Məmmədzadə və başqaları bayrağımızın hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, fəxr yeri, müstəqil dövlətimizin şərəfi, qeyrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını bildiriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

Sonda “Bayrağımız fəxrimizdir!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.