CƏMİYYƏT


Bayrağımızı ucaltmaq ən böyük səadətdir

Bakı, 2 noyabr, AZƏRTAC

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, atletlərimiz beynəlxalq arenalardan yüksək əyarlı medallar qazanırlar. Bu gün Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycan idmanının bu uğurlarında daxili işlər orqanlarının əməkdaşları, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirmələrinin payı var.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-dən 28-dək Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında uğurla çıxış edən millimizin heyətində nazirliyin İdman Cəmiyyətinin yetirməsi Eldəniz Əzizli də inamlı mübarizə aparıb.

Yunan-Roma güləşi üzrə millimizin favoritlərindən hesab olunan pəhləvanımız 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb. Əksər görüşləri vaxtında əvvəl qələbə ilə başa vuran təmsilçimizin bu uğuru münasibətilə DİN İdman Cəmiyyətində tədbir keçirilib.

Tədbirdə çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova bildirib ki, respublikamızda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradılıb. Qeyd olunub ki, Eldəniz kimi perspektivli idmançılarımızın sayı ildən-ilə çoxalır. Bütün bunlar onu deməyə əsas verir ki, gələcək yarışlarda, olimpiadalarda hələ bizi çox qələbələr gözləyir.

Zemfira Meftahətdinova millinin baş məşqçisi Şaban Donata da xüsusi təşəkkürünü bildirib.

Cəmiyyətin idman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov və şöbənin baş inspektoru, polis polkovnik-leytenantı, Əməkdar məşqçi Radik Hüseynov çempionumuza daha böyük nailiyyətlər qazanmağı arzu ediblər.

Avropa və Dünya çempionu Eldəniz Əzizli bu qələbə ilə arxayınlaşmayacağını, Azərbaycan bayrağını daim zirvələrə ucaltmaq, himnimizi səsləndirmək üçün bütün qüvvəsi ilə çalışacağını vurğulayıb, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, 60-dan çox ölkənin təmsil olunduğu dünya çempionatında Azərbaycan yığması komanda hesabında dördüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.