REGİONLAR
Bayrağımızın yenidən ucaldılması, Konstitusiyamızın qəbulu Ulu Öndərin tarixi xidmətlərindəndir
İsmayıllı, 10 noyabr, AZƏRTAC
İsmayıllıda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Gününə həsr olunan təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi ziyarət edilib, heykəlin önünə gül dəstələri düzülüb.
Uşaq və Gənclərin İnkişafı Mərkəzində təşkil olunan təntənəli yığıncağın iştirakçıları binanın önündə hər iki tarixi günə həsr olunan fləşmob və rəsm sərgisinə baxıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bayramlar münasibətilə iştirakçıları təbrik edib, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında yenidən dalğalandırılan üçrəngli bayrağımızın xalqımızın tarixi yaddaşında, hər bir azərbaycanlının qəlbində əbədi zirvəyə ucaldığını bildirib.
Rayon məhkəməsinin sədri Rafael Şirinovun hər iki əlamətdar günlə bağlı məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda Dövlət Bayrağının və Azərbaycan Konstitusiyasının yaranma tarixindən danışılıb. Vurğulanıb ki, Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasın. 70 ildən sonra müstəqil dövlətimizin bayrağının yenidən ucaldılması, konstitusiyamızın qəbulu da Ulu Öndərin tarixi xidmətlərindəndir.
Tədbirdə Milli Məclisin deputatları Novruz Aslanov və Tahir Kərimli çıxış ediblər.
YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər İdarəsinin rəisi Taleh Salehov Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunan idman tədbirlərində qalib gələnlərə diplom, kubok və hədiyyələr veriblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.