REGİONLAR
Bayram günlərində Masallı və Cəlilabadda da heyvan satışı məntəqəsi fəaliyyət göstərib
Masallı-Cəlilabad, 21 iyul, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Masallı və Cəlilabadda satış məntəqəsi fəaliyyət göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin Həzi Aslanov küçəsində, Cəlilabad şəhərinin Qurtuluş prospektində quraşdırılmış çadırtipli satış məntəqəsində baytarlıq nəzarətindən keçmiş heyvanlar sifarişçilərə təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi qurbanlıq heyvanların satışına ciddi nəzarət ediblər.
Hər iki rayonun sakinləri Qurban bayramı ilə əlaqədar yaradılmış şəraitdən razılıqlarını ifadə edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Qurban bayramı günlərində ölkə üzrə 88 ünvanda fəaliyyət göstərən qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunub.