REGİONLAR
Bayram günlərində Qubaya gələn turistlərin sayı xeyli artıb VİDEO
Quba, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
Müqəddəs Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı iki dəfə artıb. Qonaqlar arasında xeyli sayda əcnəbilər də var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
İtaliyalı Liya Talyavani Qubanın təbiətini çox bəyəndiyini, burada dincəlməkdən zövq aldığını bildirib.
“Mən İtaliyadan olsam da, Bakıda işləyirəm. Bayramla əlaqədar tətil günləridir. Biz də fürsəti qaçırmadıq. Azərbaycanın gözəl istirahət guşələrindən olan Qəçrəşə gəldik. Bura çox sərin, havası təmiz və gözəldir” - deyə, o söyləyib.
Hindistanlı turist Pani Chala isə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada əsrarəngiz təbiətlə yanaşı, insanların qonaqpərvərliyini xüsusi vurğulayıb. “Artıq üçüncü gündür Azərbaycandayam. Hindistanlı olsam da, işimlə əlaqədar Dubay şəhərində yaşayıram. Bu qısa müddətdə ölkənizi çox sevdim. İnsanlarınız mehriban və qonaqpərvərdir. İki gün Bakıda qaldıqdan sonra Qubaya gəldik. Mən burada milli yeməkləri çox bəyəndim. Azərbaycana yenidən gəlməyi düşünürəm”, - deyə hindistanlı qonaq söyləyib.
Qəçrəş kəndi rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini izləməkdən zövq alırlar. Hər tərəfdən meşə ilə örtülən kənddə çoxlu sayda təbii bulaq var.
Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, regiondakı Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir.