REGİONLAR
Bayram günlərində “Şahdağ” Turizm Mərkəzində 5 minə yaxın turist dincəlib VİDEO
Qusar, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən bu günlər ərzində 5 minə yaxın turist faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qurban bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də olub. Bayram günlərində turizm mərkəzindəki otellərdə günlük qonaqlama sayı iki min nəfərə çatıb.
Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzdə bu yay mövsümündə də turistlər üçün fərqli istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq imkanı yaradılıb.
Mərkəzə gələn turistlərin daha çox istifadə etdiyi xidmətlər arasında kanat xətti ilə gəzinti, paraplan uçuşları, kvadrasikl sürmək, ziplayn, uşaq macəra parkı kimi əyləncələr üstünlük təşkil edir.
“Şahdağ” Turizm Mərkəzinin marketinq departamentindən bildirilib ki, Qurban bayramı ilə əlaqədar turizm mərkəzində otellərdəki yerlərin 70-80 faizdən çoxu əvvəlcədən sifariş verilib. Hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb.
Yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən “Şahdağ” Turizm Mərkəzində turistlər üçün 20-yə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, seqvey, ziplayn, trotinnet, bob kart, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistlərə kömək edirlər. Burada kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.
Mərkəzdə, həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün əlverişli şərait yaradılıb.