REGİONLAR


Bayram tətili günlərində Şəkiyə gələn turistlər arasında ruslar üstünlük təşkil edir

Şəki, 31 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir.

Hər il olduğu kimi, bu il də Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində turistlərə göstərilən xidmətlər barədə məlumat verib. Müsahibimizin dediyinə görə, tətil günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Şəki xanlarının sarayının qapıları səhər saatlarından axşam hava qaralanadək qonaqların üzünə açıq olur. Xarici turistlərin arasında Rusiyadan, keçmiş sovet respublikalarından, həmçinin ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər.

İrina Şitova rəfiqələri ilə birlikdə Azərbaycana Rusiyanın Nijni Novqorod şəhərindən qonaq gəlib. İxtisasca iqtisadçı olan rusiyalı turist Naftalan şəhərindəki müalicə sanatoriyalarının birində istirahət edir. Turist qrupu ilə birgə Şəkiyə ekskursiyaya gələn İrina AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Ölkənizə üçüncü dəfədir səfər edirəm. Bu il yaşadığım Nijni Novqorod şəhərindən Azərbaycana 20 nəfərədək turist gəlib. Mən özüm Şəkidə ikinci dəfədir oluram. Bu şəhər qədimliyi və möhtəşəm tarixi abidələri ilə, mətbəxi, dadlı halvası, günəşli və qarlı havası ilə məni özünə cəlb edir. Azərbaycanlılar çox qonaqpərvər, istiqanlı və səmimidirlər. Bizi hər yerdə çox mehriban qarşılayırlar. Gələcəkdə yenə də Azərbaycana, o cümlədən Şəkiyə gəlmək niyyətindəyəm”.

Gəncədə fəaliyyət göstərən “EFES Travel” turizm şirkətinin nümayəndəsi Fərid Nəbiyev Naftalanda dincələn rusiyalı turistləri Şəkiyə ekskursiyaya gətirib. Şirkətin nümayəndəsi bildirib ki, “EFES Travel” xarici turizmlə yanaşı, ölkədaxili turların təşkili ilə də məşğul olur. Şirkətin əsas məqsədi yerli və xarici turistlərə Azərbaycanı daha yaxından tanıtmaq, təbliğ etmək və sevdirməkdir. Gəncə-Şəki-Qəbələ, Gəncə-Qax-Zaqatala-Balakən marşrutları üzrə təşkil edilən ekskursiyalar zamanı peşəkar bələdçilər tərəfindən turistlərə bu bölgənin tarixi məkanları, təbiəti, mədəniyyəti, görməli yerləri barədə ətraflı məlumat verilir. Ekskursiya iştirakçıları onlara göstərilən xidmətlərdən həmişə razılıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.