REGİONLAR


Bayram tətili günlərində Şəkiyə gələn turistlərin sayı xeyli artıb

Şəki, 25 mart, Mustafa Dadaşov, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Novruz bayramı günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki xanlarının sarayı, həmçinin ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Qeyri-rəsmi məlumata görə, tətil günlərində Qoruğun ərazisinə 10 mindən çox turist gəlib.

Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram günlərində şəhərin qonaqlarının əksəriyyətini yerli turistlər, həmçinin müxtəlif turizm turlarının iştirakçıları təşkil edirlər. Əcnəbi turistlər arasında isə ruslara və Çindən gələnlərə daha çox rast gəlmək olar.

Müsahibimizin dediyinə görə, bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Xan sarayının qapıları səhər saatlarından axşamadək qonaqların üzünə açıq olur. Turistlərə xidmət göstərmək üçün Şəki xanları sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər burada dincəlir, milli geyimdə foto çəkdirir, Şəki şirniyyatları ilə samovar çayına qonaq olurlar. Uşaqlar üçün müxtəlif attraksionlar quraşdırılıb. Turistlər Novruz bayramı münasibətilə Qoruğun ərazisində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində təşkil edilən şənliklərdə iştirak edir, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olurlar.

Qoruğun direktoru bildirib ki, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan Şəki pitisinə, paxlavaya, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.

Ağcabədi rayonundan olan Camal Əliyev Novruz tətili günlərini müəllim həmkarları ilə birlikdə Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirməyi qərara alıb. Hər dəfə Şəkiyə gələndə bir qayda olaraq, mütləq Xan sarayını ziyarət etdiyini vurğulayan ağcabədili qonaq deyib: “Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir. Şəki xanlarının sarayı ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Ona görə də hamıya məsləhət görürəm ki, imkan tapan kimi Şəkiyə gəlsinlər, Azərbaycan memarlığının nadir incilərindən olan bu gözəl sarayı ziyarət etsinlər”.

Jeron Homan Azərbaycana Hollandiyadan qonaq gəlib. Bu, onun ölkəmizə ilk səfəridir. Şəkinin çox gözəl təbiətə malik olduğunu bildirən hollandiyalı turist deyib: “Sevinirəm ki, bu gözəl şəhərə bayram günlərində gəlmişəm. Hər yerdə şən əhval-ruhiyyə hiss olunur, insanların üzü gülür. Gözəl adət-ənənələriniz var. Şəhərin sakinləri çox qonaqpərvər və istiqanlıdırlar, turistlərlə çox gözəl ünsiyyət qururlar. Xan sarayının şəbəkə pəncərələri mənim çox xoşuma gəldi. Ölkənizə yenə də gəlməyi düşünürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.