ELM VƏ TƏHSİL


Bayraq mənliyimdir, bayraq kimliyim...

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bu əlamətdar günün qeyd olunmasının əhəmiyyətindən, xalqımızın bayrağa xüsusi dəyər verməsindən, onu qorumasından söz açıb. Bildirib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilərək qaldırılmış bayrağımız, SSRİ-nin süqutundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə yenidən dövlət atributu seçilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü qeyd olunur.

Sonra bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sədaqət Əsədova Azərbaycan bayrağının keçmişə söykənən tarixindən danışıb. Bayrağın hər bir dövlət üçün suverenlik, müstəqillik rəmzi olduğunu qeyd edib. O, görkəmli maarifçi, yazıçı-publisist və ictimai xadim Əli bəy Hüseynzadənin üç rəngli, ay-ulduzlu bayrağımızın ideya müəllifi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, hazırda 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksəkdə olan bayrağıdır.

Xatırladaq ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

İnstitutun təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova çıxışında Qarabağ döyüşlərində bayrağımızın əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunmasından söz açıb, “Bayraq da var, bayrağı qoruyan oğullar da var” şeirini söyləyib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün Dövlət bayrağı qürur mənbəyi olmalıdır.

Bu gün Azərbaycan Dövlət bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.