ELM VƏ TƏHSİL
Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov noyabrın 9-nun xalqımızın həyatında əlamətdar və müqəddəs bir gün olduğunu söyləyib. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını bildirib.
C.Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Dövlət bayrağımızın Azərbaycan Respublikasının suverenliyinin rəmzi olduğunu vurğulayıb, bu günün yaranması haqqında ətraflı məlumat verib. Bildirib ki, bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb. Üçrəngli bayrağımız ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
E.Nəsirov diqqətə çatdırıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun qəbul edilib, Prezident İlham Əliyev 2007-ci ildə Bayraq Meydanının yaradılması, 2009-cu ildə isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında müvafiq sərəncamlar verib.
Qeyd edək ki, Aİİ-nin kollektivi və tələbələri Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə noyabrın 9-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edəcək. Səfərdə Cocuq Mərcanlı kənd orta məktəbi, Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi, “Aprel şəhidləri xatirəsinə ucaldılmış abidə-kompleksi” ziyarət ediləcək və ərazidə inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr olunan tədbir keçiriləcək. Səfərin təşkilində əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanmasıdır.