REGİONLAR
Baytarların özəl xidmətə hazırlığı məqsədilə ölkə üzrə təlimlərə başlanılıb
Kürdəmir, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlığı məqsədilə ölkə üzrə təlimlərə başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Kürdəmir baytarlıq idarəsində iyulun 26-dan üç günlük təlimlərə başlanıb. Koronavirus təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimini qaydaları nəzərə alınaraq 28 nəfər baytar işçisinə 3 qrup üzrə təlim keçirilir. Təlimləri cərrahiyyə, farmakologiya, parazitologiya, infeksion xəstəlikləri, biznes və sahibkarlıq üzrə 15 nəfər təlimçi aparır.
Qeyd edək ki, özəl baytarlıq xidmətinə keçid prosesinə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 998 nömrəli Fərmanı ilə start verilib. Proses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.
Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyi artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin yüksək keyfiyyətinə nail olmaqdır. “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına və bununla gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinin qənaətinə, baytarların bilik və bacarıqlarının artırılmasına və daha yüksək gəlir əldə etmələrinə, baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatının asanlaşmasına yönəlib. Bununla yanaşı, baytarlıq sənətinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsi, yeni biliklərə nail olunması üçün mütəmadi təlimlərinin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati prosedurların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”, - deyə “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib.
Təlimlər hər birində 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyasının təhlükəsi nəzərə alınaraq, dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1416 nəfər baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli təlimçilərdən seçilib.
Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.