Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1346-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1346-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə uyğun olaraq, müvafiq pozuntulara görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “və 33.9-cu maddələrində” sözləri “, 33.9-cu maddələrində, 39.4-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 2.7-1-ci – 2.7-4-cü bəndlər əlavə edilsin:

“2.7-1. həmin Qanunun 39.4-cü maddəsində “qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.7-2. həmin Qanunun 39.4-cü maddəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.7-3. həmin Qanunun 39.4-cü maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

2.7-4. həmin Qanunun 39.4-cü maddəsinin birinci cümləsində (üçüncü halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin