REGİONLAR
Baytarlıq sahəsində görülən işlər müzakirə olunub
Naxçıvan, 30 iyul, AZƏRTAC
Cari ilin altı ayı ərzində muxtar respublikada profilaktik məqsədlə heyvan və quşlarda xəstəliklərə qarşı peyvəndləmə, obyektlərdə isə dezinfeksiya tədbirləri aparılıb və hazırda bu işlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclasda ətraflı danışılıb.
İclasda xidmətin rəisi Vəli Novruzov çıxış edərək “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, sürülər yaylaqlara aparılmazdan əvvəl şəhər və rayon baytarlıq idarələri tərəfindən yaradılan həkim briqadaları heyvanları kliniki müayinədən keçirib, obalar və yataq yerlərində, su hövzələrinin ətraf ərazilərində dezinfeksiya işləri aparılıb. Muxtar respublika üzrə cari ilin 6 ayı ərzində iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama işləri də davam etdirilib. Həmçinin arıçılıq sahəsinin inkişaf etdirilməsi məqsədilə arıçı sahibkarlara pulsuz dərmanlar paylanılıb, qeydiyyata alınan 98 min 400 arı ailəsinə görə sahibkarlara dövlət vəsaiti hesabına subsidiyanın verilməsi təmin edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə baytarlıq sahəsində həyata keçirilən quruculuq işləri davam etdirilib, Dövlət Baytarlıq Xidmətində Ali Məclis Sədrinin iştirakı ilə keçirilən səyyar müşavirədə işlərində fərqlənən süni mayalama texniklərinə 5 yeni süni mayalanma dəsti və 5 yedəkli motosiklet, baytar həkimlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələr üçün internet vasitəsilə onlayn qaydada videogörüşlər keçirilib.
İclas məruzə ətrafında çıxışlarla başa çatıb.