İDMAN
Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rusiyanın müvafiq ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Rusiyanın Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi hər iki ali təhsil müəssisəsinin rektorları Fuad Hacıyev və Tamara Mixaylova imzalayıblar.
Onlayn formatda imzalanan memoranduma əsasən, bundan sonra iki ali təhsil müəssisəsi təcrübə mübadiləsinin aparılması, birgə layihələrin icrası, mütəxəssislərin və tələbələrin ixtisasının artırılması və müasir standartlara uyğun hazırlığında əməkdaşlıq edəcəklər.
Tədbirdə simpozium və seminarların, eləcə də müxtəlif təcrübə proqramlarının birgə təşkilinin kadr hazırlığı baxımından əhəmiyyəti vurğulanıb. İlkin olaraq beş il müddətində əməkdaşlığı nəzərdə tutan memorandumun səmərəli olacağı halda uzadılacağı nəzərdə tutulur.